Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü başlayıb
Gündəm / Hadisə
Oxunub: 23
6 июл 2024 | 14:26






Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir.

Azərbaycan Prezidenti İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak edirlər.

***

Dövlət başçısı tədbirdə çıxış edib.

Prezident İlham Əliyevin çıxışı:

- Hörmətli dövlət və hökumət başçıları.

Əziz dostlar.

Mən sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana, Qarabağa “Xoş gəlmisiniz!”.

Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə bağlı təşəbbüsümü dəstəklədiyiniz və dəvətimizi qəbul edərək Şuşa şəhərinə gəldiyiniz üçün təşəkkür edirəm.

Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və Türk Dövlətləri Təşkilatının gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Keçən il sentyabrın 20-də Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra Şuşada keçirilən bu Zirvə görüşü rəmzi məna daşıyır.

Qarabağın tacı Şuşa şəhəri həmişə Azərbaycanın və regionun mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur.

Şuşanın 1992-ci ilin mayında Ermənistan tərəfindən işğal edilməsi Azərbaycan xalqının böyük faciəsi idi. Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayıb, həmişə Şuşaya və işğal altında olan digər ərazilərimizə qayıtmaq arzusu ilə yaşayıb və buna nail olub.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu döyüş meydanında 300-dən çox şəhər və kəndi Ermənistanın təxminən 30 il davam edən işğalından azad etmişdir. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olmuş və beləliklə, İkinci Qarabağ müharibəsi başa çatıb. Hər il noyabrın 8-i Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.

Sərəncamımla 2021-ci ildə Şuşa şəhəri “Azərbaycanın mədəniyyət paytaxtı” elan olundu. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, ICESCO tərəfindən isə 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.

Qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanıb.

Bu gün Qarabağ Bəyannaməsi də Şuşada imzalanacaq.

Hörmətli həmkarlar, bu gün Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” Proqramı icra olunur. Ermənistan işğal dövründə bu ərazilərdə bütün şəhər və kəndləri yerlə-yeksan edib. İndi isə bu torpaqlara həyat qayıdır.

“Böyük Qayıdış” Proqramının icrası çərçivəsində bu günə qədər 8 minə yaxın keçmiş məcburi köçkün Laçın, Füzuli, Şuşa, Xocalı şəhərlərinə və dörd kəndə qayıdıb. Bu ilin sonuna qədər 20 min insan azad edilmiş torpaqlara qayıdacaq.

Türk dövlətlərinin rəhbərlərinin azad edilmiş torpaqlara səfərləri qardaşlıq həmrəyliyinin təzahürüdür. Türkiyə Prezidenti Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla, Özbəkistan və Qazaxıstan prezidentləri Şuşa və Füzuliyə, Qırğızıstan Prezidenti Füzuli və Ağdama səfərlər ediblər.

Fürsətdən istifadə edərək, qardaşlığımızın rəmzi olan məktəb və yaradıcılıq mərkəzinə və eləcə də tikiləcək məktəblərə görə qardaş ölkələrin dövlət və hökumət başçılarına bir daha təşəkkürümü bildirirəm.

Əziz dostlar, hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu bizim birlikdə nəzərdə tutduğumuz hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür.

Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir.

Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.

Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Artan yükdaşımalarını nəzərə alaraq, hazırda Bakı gəmiqayırma zavodunda 6 gəmi inşa edilir. Gələn il ölkəmizin 9-cu Beynəlxalq Hava Limanı Laçında istismara veriləcək. Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyəti 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək.

Bu ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclasının keçirilməsi iqtisadi əlaqələrimizin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addımdır. İnanıram ki, Fond vasitəsilə bir çox sahələrdə birgə layihələrə sərmayə qoyulacaqdır.

Enerji sahəsində strateji tərəfdaşlığımız, o cümlədən bərpaolunan enerji və enerji səmərəliliyi sahəsində əməkdaşlığımız çox əhəmiyyətlidir.

Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyan “Rəqəmsal İpək Yolu” layihəsi də mühüm təşəbbüslərdən biridir.

Bildiyiniz kimi, bu il Azərbaycan COP29 konfransına ev sahibliyi edəcək. Fürsətdən istifadə edərək sizin hər birinizi bir daha COP29-a dəvət edirəm. COP29-a sədrlik və bu tədbirin Bakıda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın bariz nümunəsidir. 200-ə yaxın ölkə bizim namizədliyimizi yekdilliklə dəstəkləyib. Azərbaycan Qoşulmama Hərəkatında 4 il sədrliyi dövründə əldə etdiyi təcrübədən istifadə edərək inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin gücləndirilməsi, konsensusa nail olunması üçün səylərini əsirgəməyəcək.

Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir.

***

Sonra digər dövlət və hökumət başçıları çıxış ediblər.











Сегодня, 20:55
Həmyerli qardaşlar "Toylar Kralı" lahiyəsini qalibi oldular
Сегодня, 20:19
Etibarlı tərəfdaş
Сегодня, 13:07
YAP deputatlığa namizədlərinin siyahısında dəyişiklik edib
Сегодня, 02:13
Mətbuat elin aynasıdır
Сегодня, 00:16
22 iyul Azərbaycanda Milli Mətbuat Günüdür
Вчера, 22:55
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı - Paylaşım
Вчера, 13:51
DYP-dən sürücülərə - Müraciət
Вчера, 11:35
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu
20-07-2024, 20:11
Cənub Qaz Dəhlizi istismara verildikdən sonra biz dərhal Avropaya təchizata başladıq”-deyə Prezident İlham Əliyev bildirib
20-07-2024, 18:32
Prezident İlham Əliyev Şuşada 2-ci Qlobal Media Forumunda çıxış edir (FOTO) (CANLI YAYIM)
20-07-2024, 11:47
" 4 namizəd artıq qeydə alınıb” - Məzahir Pənahov
20-07-2024, 00:15
Kəlbəcərdə mina partladı-3 nəfər xəsarət aldı.
19-07-2024, 19:21
İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri açıqlandı
19-07-2024, 18:54
25 siyasi partiya seçkidə iştirak üçün müraciət edib
19-07-2024, 18:47
Azad edilmiş ərazilərdə seçicilərin rahat səsverməsi üçün bütün şərait yaradılacaq - MSK sədri
19-07-2024, 11:10
Bu gün DİM GRE imtahanı keçirəcək
18-07-2024, 21:14
İlham Əliyev Oksfordda rəsmi ziyafətə qatıldı
18-07-2024, 20:27
Səyyar Gənclər Xidməti Göyçayda fəaliyyətini davam etdirir
17-07-2024, 19:48
Prezidentin Ağdam, Füzuli və Xocavənddəki xüsusi nümayəndəsinə müavin təyin olundu
17-07-2024, 19:42
Mətbuat işçilərinə verilən dəyər
17-07-2024, 01:39
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
17-07-2024, 01:28
YAP sabah siyahısın elan edəcək?
17-07-2024, 01:18
Prezidentdən İbrahim Məmmədovla bağlı - Sərəncam
16-07-2024, 23:14
Göyçayda İcra başçısı növbəti vətəndaş qəbulu keçirib
16-07-2024, 21:28
Göyçayda könüllü qanvermə aksiyası təşkil edilmişdir
16-07-2024, 16:18
Bu gün Göyçaylı Şəhid Polkovnik-leytenant Vidadi Xəlilovun mövludu qeyd edildi./Foto
16-07-2024, 13:38
Azərbaycan-Pakistan münasibətlərində yeni mərhələ